Azərbaycanda aktiv fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 10-da vəziyyət tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir.
Aparılan yoxlamalar zamanı respublika üzrə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.
Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA xəbərdarlıq edib ki, təyin olunmuş vaxt ərzində müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaqdır.