Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
İclasda çıxış edən Azərbaycan Prezidenti deyib:
“Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.
***
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib:
“Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”.