Azərbaycan qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edib

Azərbaycan qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edib

Azərbaycanda qiymətli metallar və qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edilib.

Bunu “Report”a açıqlamasında “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri, “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına daxil edilmiş “Gümüş və onun əsasında ərintilər. Markalar”, “Platin və onun əsasında ərintilər. Markalar”, eləcə də “Təbii, becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyaları – Terminologiya və təsnifat” standartları qəbul edilib: “Standartlar Texniki Komitədə hazırlanıb və maraqlı tərəflərin razılığı əsasında konsensus yolu ilə qəbul olunub. “Gümüş və onun əsasında ərintilər. Markalar” standartı texniki təyinatlı məmulatların istehsalında istifadə olunan gümüş və gümüş əsaslı ərintilərin markalarını müəyyən edir. Sənəd bu ərintilərdən vərəq, lent, zolaq, folqa, məftil, boru və profil, həmçinin tökmə pəstah və digər formalarda yarımfabrikatların hazırlanmasını əhatə edir”.

Rövşən Əmircanov

R.Əmircanov qeyd edib ki, “Platin və onun əsasında ərintilər. Markalar” standartı isə cihazqayırmada və sənayenin digər sahələrində tətbiq edilən platin və platin əsaslı ərintilərin markalarını müəyyənləşdirir: “Bu standart əsasən yüksək texniki tələblərin irəli sürüldüyü sahələrdə istifadə üçün vərəq, lent, folqa, məftil, boru, profil və ştamplanmış məmulatlar şəklində hazırlanan yarımfabrikatlara şamil olunur. Qəbul edilmiş üçüncü standart isə Ümumdünya Zərgərlik Konfederasiyasının (CIBJO) “Mavi Mirvari Kitabı” əsasında hazırlanıb. Standart təbii, becərilmiş və kompozit becərilmiş mirvarilər, həmçinin mirvari imitasiyaları üzrə kommersiya dövriyyəsində və zərgərlik ticarətində istifadə olunan terminologiyanı, təsnifatı və nomenklaturanı müəyyən edir. Standartın layihəsi qəbul edilməzdən əvvəl nəzərdən keçirilməsi üçün CIBJO-ya, o cümlədən təşkilatın prezidenti Qaetano Kavalyeriyə təqdim olunub. CIBJO prezidenti layihəni təşkilatın nəzərdən keçirəcəyini və İtaliyanın Viçentsa şəhərində keçiriləcək CIBJO-nun 100 illik yubiley konqresində təqdim olunmasının nəzərdə tutulduğunu bildirib”.

Report.