Sentyabrın 14-də Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Əbu-Dabi Hökumətinin suveren investoru olan L’İMAD ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirmək və birgə inkişaf hədəflərini dəstəkləmək məqsədilə strateji əməkdaşlıq Sazişi imzalayıblar.
Saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov və L’İMAD-ın İdarəedici direktoru və Qrup Baş İcraçı direktoru Cassem Bu Ataba Al Zaabi tərəfindən imzalanıb.
Sazişin şərtlərinə əsasən, AİH və L’İMAD fondu Azərbaycan Respublikasında və Mərkəzi Asiya regionunda birgə strateji investisiyaların qoyulmasını planlaşdırır. Tərəfdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən prioritet sahələrə – xüsusilə sənaye, kritik faydalı qazıntılar və müvafiq təchizat zəncirlərinin qurulması, şəhər və nəqliyyat infrastrukturu, energetika, eləcə də rəqəmsal qoşulma istiqamətlərinə xüsusi diqqət yetiriləcək.