Azərbaycan Çində keçirilən “CIFIT 2026” sərgisində vahid stendlə təmsil olunur

Azərbaycan Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində (“CIFIT 2026”) vahid stendlə təmsil olunur.

Bu barədə “Report”a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində təşkil edilən Azərbaycan stendində ölkəmizin biznes və investisiya imkanları haqqında məlumatlar təqdim olunur.

Stend İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsinin aparatı və AZPROMO-nun təşkilatçılığı ilə təşkil edilib. Sentyabrın 11-dək davam edəcək sərgidə Azərbaycan artıq üçüncü dəfə iştirak edir.

Stenddə ziyarətçilərə Azərbaycanın biznes və investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektiv layihələr barədə ətraflı məlumat verilir. Vahid ölkə stendi maliyyə və investisiyalar, iqtisadi zonalar, daşınmaz əmlak və “Made in Azerbaijan” məhsullarını əhatə edən dörd əsas hissədən ibarətdir.

Sərgi çərçivəsində keçirilən “Qlobal müdriklik və qarşılıqlı inkişaf: beynəlxalq investisiya və əməkdaşlıq mübadiləsi” tədbirinin “Dayanıqlı və səmərəli sənaye və təchizat zəncirlərinin maliyyələşdirilməsinə yönəlmiş siyasət” mövzusunda panel sessiyasında AZPROMO-nun nümayəndəsi iştirak edib. Sessiyada Azərbaycan və Çin arasında sərmayə əməkdaşlığının dərinləşdirilməsi, birgə istehsalın və texnologiya transferinin təşviqi, eləcə də Orta Dəhlizin investisiya-sənaye platforması kimi potensialı vurğulanıb. Konkret və qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün maliyyə əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Report.