Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) rəsmi olaraq üzv dövlət statusu əldə edib.
Məlumata görə, bununla, ölkəmiz BIPM-də 2015-ci ildən bəri sahib olduğu assosiativ üzvlükdən üzv dövlət statusuna keçid edib. Həmin vaxtdan təməli qoyulmuş bu proses Prezident İlham Əliyevin 7 iyul 2026-cı il tarixində “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanunu təsdiq etməsi ilə başa çatıb. Metrik Konvensiyaya qoşulmaq BIPM-də üzv dövlət statusunun əldə olunması üçün əsas şərtlərdən biri idi.
Yeni status Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) beynəlxalq metrologiya sahəsində fəaliyyət imkanlarını genişləndirir. Bu status ilə ölkəmiz metrologiya sisteminin beynəlxalq səviyyədə tanınması, beynəlxalq metroloji qərarların formalaşdırılmasında bilavasitə iştirak, milli metrologiya infrastrukturunun BIPM sisteminə inteqrasiyası və kalibrlənmə xidmətlərindən ödənişsiz yararlanma, eləcə də milli etalon bazası və kalibrlənmə imkanlarının qabaqcıl təcrübə və biliklərə əsaslanaraq inkişaf etdirilməsi imkanı əldə edir.
AzMİ indiyədək BIPM-in əsas tutuşdurmalara dair məlumat bazasında (KCDB) 35 kalibrlənmə və ölçmə imkanını (CMC) qeydiyyata aldırıb, 11 beynəlxalq tutuşdurmada iştirak edib. Bundan əlavə, AzMİ Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlıq Təşkilatının (COOMET) üzvü kimi “Milli Etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişdə (CIPM MRA) təmsil olunub.