Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin (CICPPP) 19-cu sessiyası çərçivəsində Azərbaycan 2026–2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq hüququ qazanıb.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə seçilib.
Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq ölkəmizin dövlət-özəl tərəfdaşlığı sahəsində beynəlxalq standartların hazırlanması prosesində iştirakına imkan yaradır. Eyni zamanda, ölkəmizin beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlığının genişlənməsinə, qabaqcıl metodologiyalar və uğurlu təcrübələrin ölkəmizdə tətbiqinə, eləcə də dövlət-özəl tərəfdaşlığı üzrə milli institusional və hüquqi çərçivənin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə töhfə verəcək. Eləcə də, Azərbaycanın dövlət-özəl tərəfdaşlığı sahəsindəki fəaliyyətinin beynəlxalq platformada təbliği üçün imkan yaranır ki, bu da xarici investorlar və inkişaf tərəfdaşları ilə yeni layihələrin reallaşdırılmasını stimullaşdırır.
Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyası iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, ətraf mühit, innovasiya və dövlət-özəl tərəfdaşlığı kimi sahələrdə beynəlxalq standartların, tövsiyələrin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu regional təşkilatlardan biridir.