Azərbaycan BMT-nin beynəlxalq vergi əməkdaşlığı üzrə beşinci sessiyasına qatılıb

Azərbaycan BMT-nin beynəlxalq vergi əməkdaşlığı üzrə beşinci sessiyasına qatılıb

Azərbaycan BMT-nin Beynəlxalq Vergi Əməkdaşlığı üzrə Çərçivə Konvensiyasının hazırlanması məqsədilə keçirilən Hökumətlərarası Danışıqlar Komitəsinin beşinci substantiv sessiyasında təmsil olunub.

Məlumata görə, sessiyada ölkəmizi qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ekspert qrupunun üzvü Ceyhun İsmayılov təmsil edib.

Sessiya çərçivəsində vergitutma hüquqlarının dövlətlər arasında ədalətli bölgüsü, qeyri-qanuni maliyyə axınları və zərərli vergi praktikaları ilə mübarizə, eləcə də inkişaf etməkdə olan ölkələrin institusional potensialının gücləndirilməsi məsələləri müzakirə edilib.

Danışıqlarda həmçinin transsərhəd, o cümlədən rəqəmsal xidmətlərdən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi, vergi mübahisələrinin qarşısının alınması və həlli ilə bağlı ilkin protokol layihələrinə baxılıb. Müzakirələrdə C.İsmayılov praktik və tətbiq oluna bilən qaydaların hazırlanmasının, ikiqat vergitutmanın aradan qaldırılmasının, eləcə də inkişaf etməkdə olan ölkələrə effektiv texniki dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Yeni beynəlxalq çərçivə hazırlanması inkişaf etməkdə olan ölkələrin qlobal vergi qaydalarının formalaşdırılmasında iştirakına, vergitutma hüquqlarının qorunmasına, ikiqat vergitutma risklərinin azaldılmasına, transfer qiymətlərinin tətbiqində səmərəliliyin artırılmasına və vergi inzibatçılığının gücləndirilməsinə xidmət edir.

Report.