Atasını qovub ölkəni möcüzəyə çevirən kişi – Bu gün ölən Şeyx kim idi?

Atasını qovub ölkəni möcüzəyə çevirən kişi – Bu gün ölən Şeyx kim idi?

Fars körfəzinin kiçik bir balıqçı və mirvari toplama məntəqəsini dünyanın ən zəngin, geosiyasi cəhətdən isə ən təsirli dövlətlərindən birinə çevirən tarixi şəxsiyyət — Qətərin keçmiş Əmiri (Ata Əmir) Şeyx Həməd bin Xəlifə Əl Tani 74 yaşında vəfat edib.

O, XXI əsr Yaxın Şərq diplomatiyasını, qlobal enerji bazarını və idman dünyasını formalaşdıran əsas beyin idi.

1 yanvar 1952-ci ildə Dohada anadan olan və Britaniyanın məşhur Sandherst Kral Hərbi Akademiyasında hərbi təhsil alan Şeyx Həmədin ömür yolu Şərq monarxiyaları üçün görünməmiş böyük təzadlar, radikal siyasi gedişlər və çoxşaxəli şəxsi həyat hekayələri ilə zəngindir. Onun qlobal arenada atdığı ilk ən böyük və dramatik addım 1995-ci ilin iyun ayında, atası Əmir Xəlifə bin Həməd Əl Tani İsveçrədə tətildə olarkən baş verib; gənc və iddialı vəliəhd şahzadə ailə elitasının və ordunun tam dəstəyini qazanaraq qansız bir saray çevrilişi reallaşdırıb, atasının bank hesablarını donduraraq hakimiyyəti ələ keçirib.

Bu çevriliş Qətəri beynəlxalq dördyol qovşağına çevirəcək maye qaz (LNG) inqilabının, milyard dollarlıq investisiya imperiyasının və 1996-cı ildə bölgənin ən təsirli “yumşaq gücü”nə çevrilən “Al Jazeera” telekanalının qurulmasının əsasını qoyub.

Şeyx Həməd təkcə qaz yataqları ilə kifayətlənməyərək, Qətəri dünyaya bağlamaq və qlobal brendə çevirmək üçün “Qatar Airways” aviaşirkətini qlobal nəhəng halına gətirib, xaricdə isə ağlasığmaz sərvətlər yatırıb.

Onun təsis etdiyi Qətər İnvestisiya Fondu (QIA) vasitəsilə Londonun ən məşhur simvolu “The Shard” binası, dünya şöhrətli “Harrods” və Parisin “Printemps” univermaqları satın alınıb,

Fransanın “Paris Saint-Germain” (PSG) futbol klubu faktiki allnaraq Avropa idmanında Qətər hegemonluğu qurulub və bu zəncir 2022-ci ildə ölkədə keçirilən Futbol üzrə Dünya Çempionatı ilə zirvəyə çatıb.
Lakin Şeyx Həmədin siyasi zəkası təkcə kommersiya layihələrində deyil, həm də Qərb dünyasını və ərəb qonşularını həm heyrətləndirən, həm də qəzəbləndirən təzadlı xarici siyasətində özünü göstərirdi. O, bir tərəfdən ölkəsində Yaxın Şərqin ən böyük ABŞ hərbi bazası olan “Əl-Udeyd”ə ev sahibliyi edir, digər tərəfdən isə regional münaqişələrdə özünü əvəzolunmaz vasitəçi kimi təsdiqləmək üçün Həmas, Taliban və Müsəlman Qardaşları (İxvan-ı Müslimin) kimi qruplaşmalarla birbaşa, açıq əlaqələr qururdu; hətta Dohada rəsmi Taliban ofisinin açılması sonradan ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması üzrə tarixi danışıqların məhz Qətərdə aparılmasına şərait yaratdı.

Bu təzadlı diplomatiyanın ən kəskin və praqmatik tərəfi isə onun İsrail və Fələstin məsələsinə yanaşması idi; Şeyx Həməd 1996-cı ildə Dohada İsrailin ticarət nümayəndəliyinin açılmasına icazə vermiş və Şimon Peresi qəbul etmişdi, lakin 2000-ci ildə İkinci İntifada başlayanda və xüsusilə 2009-cu ildə İsrailin Qəzzaya hücumlarından (“Tökmə Qurğuşun” əməliyyatı) sonra İsraillə rəsmi əlaqələri donduraraq bu ofisi tamamilə bağlatdı. Eyni Şeyx Həməd, 2012-ci ilin oktyabr ayında Həmasın nəzarətində olan və İsrailin şiddətli blokadası altında inləyən Qəzza zolağına rəsmi səfər edən ilk dövlət başçısı kimi tarixə düşdü; bölgənin yenidən qurulması üçün 400 milyon dollar yardım ayıran Əmirin bu riskli addımı onun Fələstin davasındakı nüfuzunu misilsiz dərəcədə artırdı.

Keçmiş Əmirin şəxsi həyatı da bu böyük siyasi miqyas qədər geniş olub; o, ömrü boyu 3 dəfə evlənib və bu evliliklərdən ümumilikdə 24 övladı (11 oğlan, 13 qız) dünyaya gəlib.

İlk evliliyini öz qəbiləsindən olan Şeyxa Məryəm ilə etsə də, həm onun qəlbində, həm də dövlətin modernləşməsində ən böyük iz qoyan şəxs ikinci xanımı – dünya modasının və ərəb intibahının siması sayılan Şeyx Moza bint Nasir olub. Varislik seçiminə gəldikdə isə Şeyx Həməd ənənəvi “böyük oğul taxta çıxmalıdır” qaydasını qıraraq böyük oğulları Məşal və rəsmi varis statusu daşımış Casimi deyil, məhz Şeyx Mozadan olan ortancıl oğlu Şeyx Təmimi varis elan edib, çünki Təmim həm ordu aparatının rəğbətini qazanmışdı, həm də idman diplomatiyasında Qətərin gənc, modern simasını mükəmməl təmsil edirdi.

 

Və nəhayət, atasını vaxtilə zorla devirən Şeyx Həməd, 2013-cü ildə tamamilə sağlam və gücünün zirvəsində olduğu bir vaxtda hakimiyyəti öz istəyi ilə oğlu Təmimə ötürərək ərəb dünyasında analoqu olmayan bir sülh və stabillik dərsi keçdi. “Ata Əmir” titulu ilə geri çəkilən və indi həyata gözlərini yuman Şeyx Həməd bin Xəlifə Əl Tani, Yaxın Şərq tarixinə həm üsyankar bir oğul, həm İsraillə masa arxasına oturub sonra Qəzzaya səfər edən cəsarətli strateq, həm də öz ambisiyalarını dövlətin gələcəyinə qurban verməyi bacaran, müasir Qətəri yoxdan var edən dahi bir lider kimi düşdü.