Beynəlxalq Qiymətləndirmə Standartlarının (IVS) 2025-ci il redaksiyasının Azərbaycan dilinə tərcüməsinin yekunlaşdırılması ölkənin peşəkar qiymətləndirmə fəaliyyətinin inkişafı baxımından mühüm mərhələdir.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova bildirib.
Onun sözlərinə görə, AQP-nin həyata keçirdiyi bu iş yalnız beynəlxalq sənədin ana dilinə çevrilməsi deyil, eyni zamanda, qiymətləndirmə praktikasının qlobal yanaşmalarla daha sıx uyğunlaşdırılmasına xidmət edən strateji addımdır:
“Bu, qiymətləndiricilər üçün vahid metodoloji bazanın formalaşmasına, hazırlanan hesabatların keyfiyyətinin yüksəlməsinə və beynəlxalq etimadın daha da möhkəmlənməsinə real töhfə verəcək. IVS 2025 əvvəlki redaksiyalarla müqayisədə qiymətləndirmə prosesinin keyfiyyətinə, istifadə olunan məlumatların etibarlılığına, tətbiq edilən modellərin əsaslandırılmasına və hesabatların şəffaflığına daha yüksək tələblər müəyyən edir. Beynəlxalq Qiymətləndirmə Standartları Şurası yeni redaksiyada ilk dəfə “IVS 104 – Data and Inputs” standartını təqdim edib. Bu standart qiymətləndirmə zamanı istifadə olunan məlumatların mənşəyinin, keyfiyyətinin, etibarlılığının və uyğunluğunun peşəkar qaydada qiymətləndirilməsini tələb edir. Məlumat mənbələrinin düzgün seçilməsi artıq yalnız metodoloji tövsiyə deyil, qiymətləndirmə prosesinin ayrılmaz elementi kimi müəyyənləşdirilir”.
AQP rəsmisinin sözlərinə görə, yeni redaksiyada yer alan “IVS 105 – Valuation Models” standartı qiymətləndirmə modellərinin seçilməsi və tətbiqinə dair yanaşmaları sistemləşdirir:
“Burada istifadə olunan modellərin hansı əsaslarla seçildiyi, onların üstünlükləri, məhdudiyyətləri və nəticələrə təsir edən ehtimalların əsaslandırılması xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma qiymətləndirmə hesabatlarının şəffaflığını artırmaqla yanaşı, eyni obyekt üzrə fərqli nəticələrin yaranması riskini minimuma endirməyə xidmət edir. Eyni zamanda “IVS 106 – Documentation and Reporting” standartı qiymətləndirmə sənədlərinin hazırlanması və saxlanılması ilə bağlı tələbləri əhəmiyyətli dərəcədə gücləndirir. Yeni yanaşmaya əsasən qiymətləndiricinin gəldiyi nəticə yalnız yekun rəqəmlə deyil, həmin nəticəyə aparan bütün peşəkar mühakimələr, istifadə olunan məlumatlar, tətbiq edilən metodologiya və qəbul edilmiş fərziyyələrlə birlikdə əsaslandırılmalıdır. Bu isə hesabatların izlənilə bilməsini, audit olunmasını və etibarlılığını daha da artırır”.
A.Qəmbərova vurğulayıb ki, yeni redaksiyada diqqətçəkən digər mühüm yenilik ekoloji, sosial və korporativ idarəetmə amillərinin (ESG) qiymətləndirmə prosesində daha geniş nəzərə alınmasıdır:
“Müasir investisiya mühitində daşınmaz əmlakın, müəssisələrin və digər aktivlərin bazar dəyərinə davamlılıq göstəricilərinin təsiri getdikcə artır. Yeni standartlar qiymətləndiricilərin belə amillərin dəyərə təsirini daha sistemli şəkildə təhlil etməsinə metodoloji əsas yaradır. Bundan əlavə, maliyyə alətlərinin qiymətləndirilməsinə dair ayrıca standartın tətbiqi və ümumi standartların strukturunun yenilənməsi “IVS”ni müasir kapital bazarlarının tələblərinə daha uyğun edir və bu dəyişikliklər Azərbaycanın qiymətləndirmə bazarı üçün də xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq standartlara uyğun hazırlanmış qiymətləndirmə hesabatları bank sektorunda kredit qərarlarının daha sağlam əsaslandırılmasına, investorların riskləri daha dəqiq qiymətləndirməsinə, maliyyə hesabatlarında aktivlərin dəyərinin beynəlxalq tələblərə uyğun müəyyən edilməsinə, dövlət və bələdiyyə əmlakının qiymətləndirilməsində vahid metodoloji yanaşmanın formalaşmasına, eləcə də məhkəmə mübahisələrində ekspert rəylərinin etibarlılığının yüksəlməsinə mühüm töhfə verəcək. Nəticədə qiymətləndirmə fəaliyyəti yalnız peşəkar xidmət sahəsi kimi deyil, investisiya mühitinin etibarlılığını təmin edən əsas institutlardan biri kimi daha da güclənəcək”.
O hesab edir ki, standartların Azərbaycan dilinə tərcüməsi onların praktik tətbiqinin yalnız ilk mərhələsidir: