Ankarada Bakının erməni-bolşevik işğalından azad olunmasının 108-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində tədbir keçirilib.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Qafqaz İslam Ordusuna ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Mərasimdə Türkiyə milli müdafiə naziri Yaşar Gülər çlxış edib, daha sonra “Lalələr” Qafqaz rəqs qrupu və Mehtər taqımının ifasında kompozisiya təqdim edilib.
Ardınca Şuşa Konqres Mərkəzində keçirilən “Bir millət, iki dövlət: 1918-ci ildə qanla möhürlənmiş qardaşlıq” adlı tədbirdə TADİV sədri Aygün Attar açılış niqti ilə çıxış edib. O, Bakının erməni-bolşevik işğalından azad edilməsini XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biri adlandırıb.
Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında Türkiyə ilə Azərbaycanın tarix boyu bir-birinə həm siyasi, həm də hərbi dəstək verdiyini vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsini Azərbaycanın istiqlal tarixində mühüm bir hadisə kimi dəyərləndirib.
Tədbirdə çıxış edən Yaşar Gülər Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə o dövrdə Azərbaycanın suverenliyinin gücləndirilməsinə və ərazi bütövlüyünün təmin olunmasına zəmin yaradıldığını qeyd edib.
Sonra Türkiyə Milli Müdafiə Nazirliyinin Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi və İkinci Qarabağ müharibəsi ilə bağlı hazırladığı iki videoklip nümayiş etdirilib.