Ötən il 69,206 ha ərazi təmizlənərək Azərbaycan üçün ən yüksək nəticə göstərilib.
Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Şəhərlərin Bərpası üzrə Fəaliyyət və Bərpa Fondu” panel müzakirəsində deyib.
Onun sözlərinə görə, ən çox sahə 2025-ci ildə minalardan təmizlənib:
“Bu il üçün də hədəfimiz 65 min hektarı ötməkdir. Hazırda bu rəqəm 49,862-dir. Dünyada minalarla çirklənmə ən böyük problemlərdən biri olaraq qalır. Azərbaycanda mina ilə çirklənmiş ərazilərin təxmini sahəsi 11,667 min kvadrat kilometrdir. Eyni zamanda, həmin ərazilərdə 1 milyondan çox minanın olduğu təxmin edilir”.
S.Poladov onu da qeyd edib ki, 1991-ci ildən bu yana minalarla bağlı 3 500-dən çox insan zərər çəkib.