ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər

ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər

ABŞ administrasiyası Mərkəzi Asiya ölkələri ilə ticarəti məhdudlaşdıran Cekson-Venik düzəlişinin ləğvini dəstəkləməyə hazırdır. Lakin Vaşinqton bunun müqabilində həmin ölkələrdən Amerika məhsulları üçün bazarlarını açmaq istiqamətində addımlar gözləyir.

Bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.

“Əgər bu, Konqres üçün bu qədər vacib məsələdirsə, hesab edirəm ki, biz buna dəstək verəcəyik”, – deyə Qrir ABŞ Konqresinin Senatının Maliyyə Komitəsində keçirilən dinləmələr zamanı qanunvericinin düzəlişin ləğvinə administrasiyanın dəstək verib-verməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.

Qrir əlavə edib ki, ABŞ region ölkələri ilə “qarşılıqlılıq prinsipi əsasında ticarət əlaqələrinin qurulmasına” diqqət yetirir. Onun sözlərinə görə, əgər bu proses həmin ölkələrin Amerika məhsulları üçün öz bazarlarını açması ilə müşayiət olunarsa, Vaşinqton əlavə tədbiri dəstəkləyə bilər.

Cekson-Venik düzəlişi 1974-cü ildə ABŞ-da qəbul edilib. Sənəd ABŞ ilə Sovet İttifaqı arasında ticarət münasibətlərinin normallaşdırılmasını yəhudilərin SSRİ-dən mühacirəti məsələsi ilə əlaqələndirirdi.

Report.