Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbəkov Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması faktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.
“Daxili İşlər Nazirliyinin hərbi-istintaq bölməsi tərəfindən Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması faktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində xidmətə laqeyd münasibətə görə Silahlı Qüvvələrin Hərbi-Dəniz Qüvvələrinin keçmiş Ali Baş Komandanı, 1-ci dərəcəli kapitan saxlanılaraq müvəqqəti saxlama yerinə yerləşdirilib” – idarənin məlumatında bildirilib.
Agentlik qeyd edir ki, məhkəmənin sanksiyası ilə Niyazbəkov həbs edilib. Məhkəməyədək istintaq davam edir.
Əvvəllər məlumat verilmişdi ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Müdafiə Nazirliyinin üç rəhbərini vəzifəsindən azad edib.