Azərbaycan və Almaniya enerji sahəsində səmərəli tərəfdaşlığı, sənaye və texnologiya sahələrində əməkdaşlığın dəstəklənməsi istiqamətində atılacaq addımları müzakirə edib.
Bu barədə “Report” İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici iqtisadiyyatın təşviqi və maliyyələşdirilməsi alt departamentinin rəhbəri Gerlind Hekman arasında görüşdə aparılıb.
İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb. “Bu baxımdan əlaqələrin şaxələndirilməsi, tərəflər arasında işbirliyinin gücləndirilməsi və yeni birgə layihələrin reallaşdırılması üçün imkanlardan səmərəli istifadənin vacibliyi qeyd olunub”, – məlumatda qeyd olunub.