Müəllifin siyasi-analitik baxışı
Yeni Azərbaycan Partiyasının VIII Qurultayını izləyərkən məndə yaranan ilk təəssürat bu oldu ki, bu qurultay əvvəlki qurultaylardan müəyyən mənada fərqlənir.
Söhbət təkcə partiyanın qarşısında duran vəzifələrdən getmir. Azərbaycan artıq öz inkişafında yeni mərhələyə yüksəlib və Prezident İlham Əliyevin çıxışında da bu yeni reallıqlar açıq hiss olunurdu.
İlk reallıq odur ki, Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlətdir. Bu, son illərin ən böyük tarixi nəticəsidir. Ona görə də VIII Qurultayda səslənən fikirlərə yalnız partiyadaxili məsələlər kimi yanaşmaq düzgün olmaz. Burada Azərbaycanın gələcək inkişaf istiqamətləri, xarici siyasət prioritetləri, milli təhlükəsizlik məsələləri, Qarabağ və Şərqi Zəngəzurun bərpası, iqtisadi inkişaf və cəmiyyət qarşısında dayanan yeni vəzifələr barədə kifayət qədər aydın mesajlar var.
Prezident İlham Əliyevin çıxışının əsas xüsusiyyətlərindən biri də mənə görə budur: keçmişdə əldə edilmiş uğurlar sadəcə sadalanmadı, onların gələcək üçün yaratdığı imkanlar dəyərləndirildi.
Zəfərdən sonra başlayan yeni mərhələ
Azərbaycanın son illərdə keçdiyi yolun ən mühüm nəticəsi, heç şübhəsiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasıdır.
2020-ci ildə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu qələbəyə yalnız hərbi qələbə kimi baxmaq doğru olmaz. Onun arxasında uzun illər ərzində həyata keçirilən dövlət siyasəti, ordunun gücləndirilməsi, iqtisadi imkanların artırılması və ən əsası, xalqla dövlət arasında formalaşmış möhkəm birlik dayanır.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında 8 Noyabr 2020-ci il və 20 sentyabr 2023-cü il tarixlərinin dövlətçilik tariximizdə xüsusi yer tutduğunu qeyd etdi. Bu gün həmin hadisələrə bir qədər kənardan baxanda Zəfərin əsl miqyasını daha dərindən görmək mümkündür.
Müharibə bitdi, amma qarşıda daha çətin bir mərhələ başladı: dağıdılmış ərazilərin yenidən qurulması və insanların öz doğma yurdlarına qaytarılması.
İllərlə doğma torpaqlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması, orada yeni həyat qurması Zəfərin mənəvi nəticəsidir. Ona görə, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə yalnız iqtisadi layihələr kimi baxmaq düzgün deyil. Böyük Qayıdışın əsas mahiyyəti də məhz budur.
Güclü dövlət yalnız güclü ordu demək deyil
Prezidentin çıxışında diqqətimi çəkən başqa bir məqam Azərbaycanın dövlət gücünün daha geniş anlamda təqdim olunması idi.
Son illər ərzində “güclü dövlət” anlayışı çox işlədilir. Amma güclü dövlət yalnız güclü ordu ilə ölçülmür. Güclü iqtisadiyyat, sabit siyasi sistem, müstəqil xarici siyasət, inkişaf edən infrastruktur və ölkənin öz qərarlarını sərbəst qəbul etmək imkanları da dövlət gücünün mühüm göstəriciləridir.
Azərbaycanın son illərdəki inkişafına bu prizmadan baxanda mənzərə daha aydın görünür.
Ölkəmiz həm öz təhlükəsizliyini təmin etmək üçün müdafiə imkanlarını gücləndirib, həm də iqtisadi və nəqliyyat imkanlarını genişləndirib. Azərbaycan artıq regionda mühüm enerji, nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi addımlar atır.
Xarici siyasətdə emosiyanal deyil, praqmatik yanaşma
Prezidentin çıxışının xarici siyasətlə bağlı hissəsi də xüsusilə düşündürücüdür.
Azərbaycan hazırda kifayət qədər mürəkkəb beynəlxalq mühitdə öz mövcudluğunu qoruyaraq daha da möhkəmləndirir. Dünyada güc mərkəzləri arasında rəqabətin artdığı, müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir vaxtda müstəqil, balanslı xarici siyasət yürütmək asan məsələ deyil.
Belə bir vəziyyətdə dövlətimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti ilə bu problemin öhdəsindən layiqincə gəlir.
Çin və ABŞ kimi supergüc dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması. Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyanatın, ABŞ ilə isə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanın xarici siyasətində mühüm tarixi hadisələrdir.
Prezidentin “siyasətdə emosiyalara yer yoxdur” fikri əslində, Azərbaycanın xarici siyasətinin ümumi fəlsəfəsini də izah edir.
Bəzən beynəlxalq münasibətlərdə emosional yanaşmalar üstünlük qazana bilir. Ancaq dövlət siyasətində əsas məsələ hisslərdən daha çox uzunmüddətli milli maraqların nəzərə alınmasıdır.
Azərbaycan regiondan kənarda da mövqeyini gücləndirir
Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi yalnız ayrı-ayrı dövlətlərlə münasibətlər fonunda inkişaf etmir, ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda artan rolu da diqqət çəkir. Prezident çıxışında Azərbaycanın D-8 təşkilatına üzvlüyünü mühüm hadisə kimi qeyd etdi. İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafı və Azərbaycanda keçiriləcək növbəti Zirvə Görüşü də bu baxımdan əhəmiyyətlidir.
Azərbaycanın enerji, nəqliyyat və logistika imkanları ölkəyə daha geniş coğrafiyada əməkdaşlıq üçün imkan yaradır. Avropa üçün enerji təhlükəsizliyində, Asiya ölkələri üçün isə nəqliyyat əlaqələrində Azərbaycanın rolu getdikcə daha çox hiss olunur.
Zəfər böyük nəticədir, amma yol bununla bitmir
VIII Qurultaydan çıxan əsas nəticələrdən biri budur ki, Azərbaycan öz böyük qələbəsini uğurun son mərhələsi kimi qəbul etmir. Əksinə, Zəfər dövlətimizin qarşısına yeni məsuliyyətlər qoyur.
Qarabağ və Şərqi Zəngəzurun bərpası davam etməlidir. Böyük Qayıdış prosesi sürətlənməlidir. İqtisadiyyat daha da gücləndirilməlidir. Azərbaycan beynəlxalq nəqliyyat və enerji layihələrində öz rolunu artırmalıdır.
Xarici siyasətdə milli maraqlar bundan sonra da əsas götürülməlidir. Bütün bunların arxasında isə bir əsas məsələ dayanır: əldə edilmiş nəticələri qorumaq və daha da inkişaf etdirmək.
Azərbaycan artıq özünün ən böyük milli məqsədlərindən birinə nail olub. İşğal altında olan torpaqlar azad edilib, ərazi bütövlüyü və suverenlik tam bərpa olunub. İndi əsas məsələ bu tarixi nəticənin yaratdığı imkanlardan istifadə edərək Azərbaycanı daha böyük zirvələrə yüksəltməkdir.
Bu baxımdan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxışda verdiyi mesajların əsas mahiyyəti bundan ibarətdir ki, Azərbaycan qazandığı nailiyyətlərlə kifayətlənməməli, Zəfərin yaratdığı yeni imkanlardan istifadə edərək daha güclü dövlət, daha inkişaf etmiş iqtisadiyyat və beynəlxalq aləmdə daha möhkəm mövqeyə malik ölkə qurmaq yolunda inamla davam etməlidir.
Müəllif: Rauf Həsənov