“İrşad”ın həmin əməkdaşı haqda cinayət işi başlandı

“İrşad”ın həmin əməkdaşı haqda cinayət işi başlandı

“İrşad Electronics”də korporativ satış şöbəsinin rəhbəri olmuş Ruslan Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.

Məlumata görə, R.Hüseynov dələduzluqda ittiham olunur.

Sözügedən şəxs 1 ay əvvəl saytımıza müraciət edərək “İrşad Elektronics” tərəfindən əsassız ittihamlarla üzləşdiyini demişdi. Ruslanın sözlərinə görə, öhdəlikləri yerinə yetirsə də, bir müştərinin məhsul alıb pulunu verməməsi bütün həyatını və karyerasını alt-üst edib. “İrşad Electronics”in nümayəndələri ona zəng edərək nöqsanına görə 240 000 manat maddi ziyanın olduğunu bildiriblər.

Şikayət barədə geniş təfərrüatı əvvəlki xəbərimizdə vermişdik. Həmin yazı ilə burada tanış olmaq mümkündür.

Bu günlərdə isə Ruslan Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Bu maddələrlə təqsiri sübuta yetirilsə, Ruslan 10 ilə kimi həbs edilə bilər.

Ruslanın vəkili Vüqar Əliyev saytımıza açıqlamasında deyib ki, prokurorluq müvəkkilinə eyni gündə ittiham elan edib və ilkin istintaqı yekunlaşdırıb. Ardınca iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vəkil ittihamı qəbul etmədiklərini, ilk məhkəmə iclasında pozuntular olduğu üçün işin ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılmasını tələb edəcəklərini bildirib.

Cinayət işini hakim Azər Tağıyev araşdıracaq. İlk iclas bu ayın 15-i keçiriləcək.

Sail Ağasəlim

Qafqazinfo.