“Bacım ağır onkoloji xəstədir, ömürlük I qrup əlillik düşür. Ancaq əlillik dərəcəsini artırmaq üçün neçə vaxtdır bürokratiyanın içində qalmışıq. Mən bunu pul üçün istəmirəm. Bir övladı var, o da hərbi xidmətdədir. İstəyirəm ki, əlillik qrupu düzgün müəyyənləşdirilsin və övladı onun yanına gəlsin”.
Bu şikayətlə “Qafqazinfo”ya 37 yaşlı onkoloji xəstə Gülnar Nurullayevanın qardaşı Rəsul Nadirli müraciət edib.
Vətəndaşın sözlərinə görə, bacısı xəstəlik səbəbi ilə ağır əməliyyat keçirib və əməliyyatdan sonra Respublika Əlillərin Bərpa Mərkəzi tərəfindən xəstənin vəziyyətinin I qrup əlilliyə uyğun olduğu bildirilib: “3C mərhələli bağırsaq keçməzliyi diaqnozu ilə əməliyyat olunan bacımın yoğun bağırsağı çıxarılıb, nazik bağırsağı isə çölə çıxarılaraq ileostoma yaradılıb. Bacım əvvəllər II qrup əlil olub, keçirdiyi ağır əməliyyatdan sonra isə I qrup əlillik üçün əsas yaranıb. Əlillərin Bərpa Mərkəzi tərəfindən xəstənin vəziyyətinin Nazirlər Kabinetinin 157 nömrəli qərarına əsasən, I qrup əlilliyə uyğun olduğu bildirilib”.
Şikayətçi bildirir ki, Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilən Forma 88-də xəstəliyin diaqnoz kodu əvəzinə əməliyyat kodu qeyd edilib: “Bu səbəbdən də əlillik dərəcəsinin artırılması mümkün olmayıb. Bizə Əlillərin Bərpa Mərkəzindən bildirildi ki, Forma 88-də xəstəliyin düzgün kodu qeyd olunmalıdır”.

R.Nadirli iddia edir ki, Forma 88-in yenidən düzgün şəkildə sistemə daxil edilməsi istənilib. Lakin TƏBİB-in Elşad adlı şöbə müdiri ikinci dəfə sistemin açılmasına imkan verməyib: “Deyir ki, mən ikinci dəfə sistemi açmayacağam, ona birinci qrup düşmür, gərək dördüncü mərhələ olsun. Halbuki sənədlərin düzgün göndərilib xəstənin vəziyyətinin aidiyyəti qurum tərəfindən qiymətləndirilməsi tələb olunur. Elşadın tabeliyində olan bütün xəstəxana əməkdaşları da məsələyə müdaxilə etməkdən çəkinir”.
Onun sözlərinə görə, bacısının bir övladı var və hazırda hərbi xidmətdədir: “İstəyirəm ki, bacımın vəziyyətinə uyğun əlillik dərəcəsi verilsin və övladı onun yanına gəlsin. Çünki bacım ağır xəstədir və yaşadığı müddətdə övladının yanında olmasına ehtiyacı var”.
Problemlə əlaqədar Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə göndərdiyimiz müraciətə belə cavab aldıq: “Masallı rayon sakini Nurullayeva Gülnar Rövşən qızına 24.09.2026-cı il tarixdə orqanizm funksiyalarının 75% pozulmasına görə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən əlillik təyin edilib. Nəzərinizə çatdıraq ki, Agentlik tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma 88-də qeyd edilən tibbi məlumatlara əsasən əlilliyin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar verir. Vətəndaş göndərişdə qeyd edilən məlumatlardan razı olmadığı halda, aidiyyəti quruma müraciət etməlidir. Forma 88-in tərtib edilməsi, rəsmiləşdirilməsi və Əlillik altsisteminə daxil edilməsi, eləcə də, göndərişlə bağlı sonradan yaranan hər hansı anlaşılmazlıq Agentliyin səlahiyyətlərinə aid deyil”.
Sözügedən şikayətlə bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, xəstənin hazırkı sağlamlıq vəziyyəti mövcud əlillik dərəcəsinə uyğundur: “Vətəndaş Nurullayeva Gülnar Rövşən qızını əlillik məsələsi ilə bağlı sorğusu tərəfimizdən araşıdırılıb. Bildiririk ki, vətəndaşın hazırkı sağlamlıq vəziyyəti mövcud əlillik dərəcəsinə II (ikinci) uyğundur. Mövcud vəziyyəti gücləndirməyə əsas vermədiyindən vətəndaşın Forma-88 göndərişinin rəsmiləşdirilməsinə imtina verilib”.
Fatimə Şahverdiyeva