“Ermənistan və Azərbaycan arasında sülh baş tutmuş faktdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Türkmənbaşı şəhərində keçirilən iclasında çıxışı zamanı deyib.
“Bu gün qeyd etmək olar ki, əvvəlki otuz ildən artıq davam edən dövrdən fərqli olaraq, son iki ildən artıq müddət ərzində ermənilər və azərbaycanlılar arasında atışmalar səbəbindən nə ölən, nə də yaralananlar var. Halbuki 1990-cı illərdən başlayaraq hər il hər iki tərəfdən ölənlər və yaralananlar olurdu”, – o deyib.
Baş nazir 2020-ci ildəki müharibədən sonra sülhə nail olmaq üçün uzun yol keçildiyini qeyd edib:
“Bu kontekstdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasındakı rolunu xüsusi vurğulamaq istəyirəm. Lakin 2020-ci il 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra da təəssüf ki, sülhə nail ola bilmədik”.
Ermənistanın Baş naziri sülh sazişinin 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi sülh sammiti çərçivəsində paraflandığını xatırladıb.
Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün yalnız bir real variantın mövcud olduğunu və həmin arxitekturanın Almatı Bəyannaməsinin prinsipləri əsasında qurulduğunu söyləyib: “Otuz ildən artıq müddətdə münaqişə Almatı Bəyannaməsinin mövcud olduğu şəraitdə davam edib və sanki bu sənədin mövcudluğu nəzərə çarpmayıb. Tam sülhün bərqərar olunması üçün, obrazlı desək, Almatı Bəyannaməsini yenidən canlandırmaq lazım idi. Biz bunu Azərbaycan Prezidenti ilə birlikdə etdik”.
Baş nazir 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makronun və Aİ Şurasının o dövrdəki sədri Şarl Mişelin təşəbbüsü ilə Praqada keçirilmiş dördtərəfli görüşün yekunlarına əsasən, tərəflərin Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etdiklərini diqqətə çatdırıb.
O həmçinin Azərbaycan dəmir yolunun bir ilə yaxındır Ermənistan yüklərinin daşınması üçün açıq olduğunu, eləcə də iki ölkə arasındakı dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyasının aparıldığını qeyd edib.