Son 6 ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 6 ölkədə taun xəstəliyinə yoluxma hallarını təsdiqləyib, 423 nəfər ölüb.
Bu barədə ÜST-nin hesabatında bildirilib.
“2019–2025-ci illər arasında 10 ölkə insanlarda taun xəstəliyinə şübhəli yoluxma halları barədə ÜST-yə məlumat verib. Onlardan altısında təsdiqlənmiş yoluxma halları qeydə alınıb. Ümumilikdə, ÜST xəstəliyə 3 847 şübhəli yoluxma və 423 ölüm barədə məlumat alıb. Bu, ölüm hallarının 11 % təşkil etdiyini göstərir”, – hesabatda qeyd olunub.
Həmçinin bildirilib ki, 2025-ci ildə vəbadan ölüm halları 30 % artıb. Dünyada qeydə alınan bütün vəbaya yoluxma və ölüm hallarının təxminən 90 %-i yeddi ölkənin – Anqola, Banqladeş, Konqo Demokratik Respublikası, Nigeriya, Cənubi Sudan, Sudan və Yəmənin payına düşür. Ən böyük yük ÜST-nin Afrika regionunda qeydə alınıb, burada 2024-cü illə müqayisədə xəstəliyə yoluxma halları 34 %, ölüm halları isə 58 % artıb.
Təşkilatın hesabatında qeyd olunub ki, vəbaya qarşı peroral peyvəndlərin dünya üzrə istehsalı 2022-2025-ci illər ərzində iki dəfədən çox artaraq ildə təxminən 30 milyon dozadan təqribən 80 milyon dozaya çatıb, bu da peyvəndlərin əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.