Xətainin heykəlindəki rusca yazı sonradan əlavə edilib?

Xətainin heykəlindəki rusca yazı sonradan əlavə edilib?

Bakıda Şah İsmayıl Xətainin heykəlinin lövhə hissəsindəki yazı müzakirələrə səbəb olub.

Bu barədə paylaşım edən jurnalist Sənan Nəcəfov lövhədəki sözlərə diqqət çəkib. O qeyd edib ki, Yusif Səfərov küçəsindəki heykəlin üzərində memarın abidəni nəvəsinə həsr etməsi ilə bağlı rusca qeyd var.

S.Nəcəfov vurğulayıb ki, dövlət sifarişi ilə hazırlanın abidəyə belə yazının əlavə olunması sual doğurur: “Heykəlin kartuş (lövhə) hissəsində ( üzərində ŞAH İSMAYIL XƏTAİ yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhə) kiçik hərflərlə “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” (“Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov”) yazılıb. Doğrudan da heykəlin müəlliflərindən biri İbrahim Zeynalovdur. 

Dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi icazəsi varmı? Abidə tarixi şəxsiyyətə – Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?”

Abidə qoyulan vaxt Xətai rayonunda icra başçısı olmuş Zəlimxan Məmmədli heykəlin özü tərəfindən sifariş olunduğunu, lakin həmin vaxt üzərində belə bir yazının qeyd olunmadığını bildirib: “Bu abidəni 1992-ci ilin sonlarında Xətai Rayon İcra Hakimiyyətinin başçısı olaraq mən sifariş etmişəm. Abidənin açılışı isə 1993-cü ilin iyun ayında baş tutub. İbrahim Zeynalov abidənin müəllifidir. O abidənin açılışını şəxsən mən etmişəm, lenti Bakının ovaxtkı meri, rəhmətlik Rauf Gülməmmədovla birlikdə kəsmişik. Hər il iyul ayının 17-də – hökmdarın doğum günündə abidəni ziyarət edirəm. Nəvəyə hədiyyə yazısı yenidir. Nə açılışda, nə də sonrakı vaxtlarda görməmişəm. Dövlət sifarişi və vəsaiti ilə ucaldılan abidəni şəxsi emosiyaları təmin etmək üçün istifadəsini doğru hesab etmirəm”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanlamışıq.

Qeyd edək ki, 1993-cü ildə qoyulan abidənin müəllifləri Azərbaycan SSR xalq rəssamı İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P.Hüseynov, Q.Əliyev olub. 2007-ci ilə heykəlin postamenti yenidən qurulub və abidə yenidən bərpa edilib. 2020-ci ildə isə heykəl Yusif Səfərov küçəsində iki xəstəxanasının arasındakı əraziyə köçürülüb.

Gülnar Əliyeva


Qafqazinfo.