Rusiyanın “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Ermənistanın Baş naziri Nikol Paşinyan və onun müavini Mher Qriqoryanla görüşüb.
Bu barədə “Rosatom”un Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin 2036-cı ilədək təkrar uzadılması məsələsi müzakirə edilib. Lixaçov Paşinyan və Qriqoryanı layihənin birinci mərhələsinin başa çatdırılması barədə məlumatlandırıb, bunun nəticələrinə əsasən AES-in enerji blokunun sonrakı fəaliyyəti üçün icazə alıb.
“Rosatom”un rəhbəri həmçinin Ermənistana beynəlxalq konsorsium formatında yeni AES tikməyi təklif edib. Məlumata görə, yaxın aylarda Ermənistan hökuməti tikinti işləri üçün tərəfdaşları seçəcək və stansiyanın texniki görünüşü barədə qərar qəbul edəcək.
“Rusiya tərəfi bu layihəni digər ölkələrin iştirakı ilə, beynəlxalq konsorsium formatında həyata keçirməyə hazırdır”, – məlumatda deyilir.