Azərbaycan qanunvericiliyinə əsasən, kritik informasiya infrastrukturu sektorlarından biri və ən vaciblərindən olan müdafiə sektorunda kifayət qədər güclü kiber müdafiə qabiliyyəti mövcuddur.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov ADEX 2026 çərçivəsində keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektorial görüşdə açılış nitqində deyib.
Onun sözlərinə görə, ümumiyyətlə bu prosesdə beynəlxalq təcrübə göstərir ki, kollektiv müdafiə bu məsələlərin mərkəzində dayanan prinsipdir.
“Müdafiə sektoru deyəndə təkcə Müdafiə Nazirliyindən söhbət getmir. Burada Azərbaycanın müdafiə sənayesindən tutmuş, müdafiə sahəsinə aid olan bütün qurumların fəaliyyəti və həmin fəaliyyətin rəqəmsal transformasiya olunmuş infrastrukturlar nəzərdə tutulur”.
Mərkəz rəisi bildirib ki, indiyə kimi müdafiə sektorunda heç bir kiber insident qeydə alınmayıb.
“Qeydə alınan hər hansı çatışmazlıqların vaxtında aradan qaldırılması üçün kollegial fəaliyyət çox yaxşı təşkil olunub”.
Bununla belə o qeyd edib ki, rəqəmsal tranformasiyanın inkişafı özü ilə bərabər təhdidlər də gətirir.
Onun sözlərinə görə, müdafiə sektorunda baş verən kiber-fiziki təhdidlər artıq narahatlıq həddini də aşıb.