Türkiyənin İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti iclası keçirilib.
Iclasda İdarə Heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev, habelə AŞBMA-nın baş məsləhətçisi Rövşən Məmmədov iştirak edib.
TDBB-nin və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay tədbiri açaraq iclasın gündəliyindəki əsas məsələlər barəsində İdarə Heyətinin üzvlərinə məlumat verib.
Gündəlikdə müzakirə edilən əsas məsələ Dünya Bələdiyyələr Birliyinin (UCLG) prezidenti seçilmiş Uğur İbrahim Altayın səkkiz il ərzində icra etdiyi TDBB sədrliyi vəzifəsini Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgelə təhvil verməsi olub.
TDBB-nin yeni sədri Fırat Görgel çıxışında qarşıdakı dövrdə Birliyin fəaliyyətini genişləndirmək və Türk dünyası bələdiyyələri arasında əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib.
F.Görgel çıxışında həmçinin Azərbaycan nümayəndə heyətini Azərbaycan dövlətinin şəhərdə həyata keçirdiyi layihələrlə yaxından tanış olmaq üçün Kahramanmaraşa dəvət edib.
İstanbul millət vəkili, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini və yerli idarəetmə orqanları üzrə məsul şəxs Mustafa Demir çıxışında Fırat Görgelə yeni vəzifəsində uğurlar arzulayıb. O, Türk dövlətləri arasında aparılan siyasi və iqtisadi əməkdaşlığın yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İclasın gündəliyində duran məsələlərdən biri Naxçıvan bələdiyyəsinin TDBB-yə üzvlüyü və Rize bələdiyyəsi ilə qardaş şəhər əlaqələrinin qurulması olub.
TDBB-nin İdarə Heyətinin üzvü və AŞBMA-nın sədri Təmraz Tağıyev çıxışında Türk dünyasının bələdiyyələri arasında qardaş şəhər münasibətlərinin qurulmasını yüksək qiymətləndirib, Uğur İbrahim Altaya Birliyin inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirib və Fırat Görgelə yeni vəzifəsində uğurlar arzulayıb.
TDBB-nin baş katibi Taha Zahid Özdəmir iyulun 31-dən oktyabrın 8-dək olan dövrdə Birlik tərəfindən həyata keçirilən beynəlxalq layihələr və sosial-humanitar təşəbbüslər barədə məlumat verib. İclasda həmçinin gələcək fəaliyyət planları müzakirə olunub.
İclasda Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Kosovo, Bosniya və Herseqovina, Liviya və Makedoniyadan olan bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirin sonunda Zeytinburnu Bələdiyyəsinin başçısı Ömər Arısoya və Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgelə Azərbaycan nümayəndə heyəti tərəfindən milli hədiyyələr təqdim olunub.
TDBB İdarə Heyətinin üzvləri həmçinin Zeytinburnu Bələdiyyəsinin şəhərdə həyata keçirdiyi layihələrlə yerində tanış olublar.




