Xəzəri üzüb Azərbaycana keçmişdi – 28 illik səyahətdən sonra ölkəsinə qayıtdı – Fotolar

Xəzəri üzüb Azərbaycana keçmişdi  – 28 illik səyahətdən sonra ölkəsinə qayıtdı – Fotolar

57 yaşlı britaniyalı səyyah Karl Buşbi 28 il davam edən dünya səyahətinin əsas hissəsini başa vuraraq Böyük Britaniyaya qayıdıb.

Keçmiş desantçı olan Buşbi oktyabrın 5-də Fransadan La-Manş boğazını üzərək Doverdəki Şekspir çimərliyinə çatıb.

Üç gün davam edən keçiddə ümumilikdə 20 saat üzən səyyah Böyük Britaniya sahilinə çatdıqdan sonra ailə üzvləri tərəfindən qarşılanıb.

“İllər sonra ayağımın altında Böyük Britaniya torpağını hiss etmək xoşdur. Asan olmayıb, amma məsələnin mahiyyəti də elə bundadır – özümə verdiyim qiymətdən daha çoxuna qadir olduğumu sübut etmək”, – Buşbi deyib.

Buşbi 1998-ci ilin noyabrında Çilidən yola çıxaraq dünya ətrafında piyada səyahətinə başlayıb. Onun qarşısında iki əsas qayda olub: irəliləmək üçün nəqliyyatdan istifadə etməmək və səyahət başa çatana qədər evə qayıtmamaq.

Səyyah indiyədək 29 ölkədən keçib və 50 min kilometrdən çox məsafə qət edib. O, Cənubi Amerikanı və Şimali Amerikanı piyada keçib, daha sonra Berinq boğazını həm piyada, həm də üzərək adlayıb.

2006-cı ildə fransız-amerikalı səyyah Dimitri Kieffer ona qoşulub. İkili Alyaska ilə Rusiya arasındakı dəniz buzunu keçib.Bu, tarixdə qeydə alınmış ilk belə keçid olub.

Səyahətin Asiya mərhələsində Buşbi Qazaxıstanı piyada keçdikdən sonra daha bir qeyri-adi addım atıb. 2024-cü il sentyabrın 17-də Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək keçib.

Buşbinin bu keçidi onun dünya səyahətinin ən çətin mərhələlərindən biri olub. O, Xəzəri keçərək, Azərbaycan sahilinə çatıb və daha sonra quru yolu ilə səyahətini davam etdirib.

Səyyahın Asiya marşrutu boyunca qarşılaşdığı digər maneələr arasında COVID-19 pandemiyası zamanı sərhədlərin bağlanması, Çindəki müşahidə sistemi, ekstremal hava şəraiti və çətin relyef də olub.

Buşbi 2025-ci ildə Avropaya çatıb və daha sonra La-Manş boğazına qədər irəliləyib. La-Manş tunelindən piyada keçməsinə icazə verilmədikdən sonra boğazı üzərək keçmək üçün Fransa və Böyük Britaniya rəsmiləri ilə əməkdaşlıq edib.

Nəticədə oktyabrın 5-də Fransadan yola çıxaraq Doverdəki Şekspir çimərliyinə çatıb və 28 il əvvəl başladığı dünya səyahətinin Böyük Britaniya mərhələsinə qədəm qoyub.

Səyyahın qarşısında indi son məsafə qalıb. O, noyabrın əvvəlinə qədər doğma şəhəri Hall şəhərindəki evinə çatmağı planlaşdırır.

“Hamımız təsəvvür edə biləcəyimizdən daha çoxuna nail ola bilərik”, – Buşbi bildirib.







Qafqazinfo.