“İllərdir çıxarış ala bilmirik, qalmışıq iki od arasında…”

“İllərdir çıxarış ala bilmirik, qalmışıq iki od arasında…”

“Yüzlərlə ailə illərdir mənzillərinə çıxarış ala bilmir. Tikinti şirkəti bir söz deyir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti başqa söz. Sakinlər də qalıb iki od arasında…”

Bu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanındakı çoxmərtəbəli yaşayış binasının sakini Nurlan Xəlilov müraciət edib.

Vətəndaşın iddiasına görə, binada yaşayan yüzlərlə ailə “Narm” MMC tikinti şirkəti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri arasında sənədlə bağlı yaranmış ziddiyyət səbəbindən illərdir bu problemlə üz-üzə qalıb: “Əlimizdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi imtina məktubu var. Dövlət qurumu şirkətin layihədən kənara çıxdığını və torpağın başqa əmlaklarla üst-üstə düşdüyünü yazır. Tikinti şirkəti isə əlindəki rəsmi sənədləri bizə göstərərək heç bir qanunsuzluq etmədiyini, Reyestrin vaxtilə verilən sənədləri sistemdə yox etdiyini iddia edir.

Şirkət maliyyə bəhanəsi ilə layihədə olan ikinci liftimizi quraşdırmır, yerini diktlərlə bağlayıb. Binamız 2019-cu ildə istismara qəbul edilsə də, problem həll olunmur”.

N.Xəlilov qeyd edib ki, məsələ ilə bağlı 8 dövlət qurumuna şikayət ərizəsi göndərilib: “Bu rəsmi imtina sənədi ilə birgə toplu şikayətimizi göndərmişik və məktublar artıq ünvanlarına çatıb. Paralel olaraq məhkəmə hazırlığına başlamışıq”.

Sözügedən şikayətlə bağlı “Narm” MMC-yə müraciət etdik. Şirkətin rəsmi nümayəndəsi Nazim Nuriyev bildirdi ki, MMC tərəfindən hər hansı konkret nəticəyə dair əvvəlcədən öhdəlik və ya təminat verilmir: “Narm” MMC tərəfindən inşa edilmiş yaşayış kompleksi “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə problemli tikililərlə bağlı müəyyən edilmiş tədbirlər çərçivəsində nəzərdə tutulub, tikinti işləri tamamlanaraq 2020-ci ildə istismara qəbul edilib.

Mənzillərə çıxarışların rəsmiləşdirilməsi məqsədilə 2023, 2024 və 2025-ci illərdə aidiyyəti dövlət qurumlarına, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən səlahiyyətli quruma müraciətlər edilib və tələb olunan sənədlər təqdim edilib.

Müraciətlərə baxılması zamanı aidiyyəti qurumlar tərəfindən sənədlərlə bağlı bildirilmiş məsələlər nəzərə alınıb, onların aydınlaşdırılması və mümkün çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Yaşayış kompleksində ikinci liftin birinci liftlə əvəz edilməsi məsələsi Prezidentin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanı və həmin Fərmanın icrası çərçivəsində həyata keçirilmiş layihə-tikinti tədbirləri əsasında qiymətləndirilməlidir. 

Sözügedən dəyişiklik kompleks üzrə tikinti işlərinin tamamlanması, layihə-smeta sənədlərinin dəqiqləşdirilməsi və obyektin istismara qəbul edilməsi ilə bağlı sənədlərdə əks olunub. Məsələnin hüquqi və texniki əsasları müvafiq layihə sənədləri, ekspertiza rəyləri və istismara qəbul aktları əsasında müəyyən edilə bilər. Bundan əlavə, yaşayış kompleksinin dörd blokunun hər birində yükdaşıma qabiliyyəti 1000 kq olan bir lift nəzərdə tutulub və quraşdırılıb. Bu göstərici müvafiq layihə və texniki sənədlərdə əks olunub.

2026-cı ildə sənədlərin əlavə araşdırılması məqsədilə dövlət arxivlərinə müraciətlər edilib. Hazırda həmin müraciətlər üzrə rəsmi cavabların təqdim olunması gözlənilir. Arxivlərdən və digər aidiyyəti qurumlardan daxil olacaq cavablar əsasında sənədlərin hüquqi vəziyyəti dəqiqləşdirildikdən sonra, zərurət yarandığı halda, məsələnin qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həlli imkanları qiymətləndiriləcək.

“Narm” MMC tərəfindən hər hansı konkret nəticəyə dair əvvəlcədən öhdəlik və ya təminat verilmir. Şirkətin mövqeyi mövcud sənədlər və aidiyyəti dövlət qurumlarının rəsmi cavabları əsasında məsələnin hüquqi baxımdan aydınlaşdırılmasından və çıxarışların rəsmiləşdirilməsi üçün qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsindən ibarətdir”.

Problem barədə Əmlak Məsələləri Dövlət Xidmətinin də mövqeyini öyrəndik. Qurumdan cavab olaraq deyildi ki, binanın yerləşdiyi torpaq sahəsinə dair MMC-nin mülkiyyət hüquqlarını təsdiqləyən sənəd təqdim edilmədiyindən hüquqların qeydiyyata alınması mümkün deyil: “Bildiririk ki, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, 67 ünvanında yerləşən, inşa edilmiş çoxmərtəbəli yaşayış binası ilə bağlı “Narm” MMC tərəfindən hüquqların dövlət qeydiyyata alınması üçün müraciətlər edilib, lakin binanın yerləşdiyi torpaq sahəsinə dair MMC-nin mülkiyyət hüquqlarını təsdiqləyən sənəd təqdim edilmədiyindən hüquqların dövlət qeydiyyatına alınması mümkün olmayıb.

Qeyd olunan sənədlər təqdim edildikdən sonra binaya dair məlumatların dövlət reyestrinə daxil edilməsi və binadakı mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunvericiliyə uyğun qaydada baxılacaq”.

Məsələ ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya isə belə cavab aldıq: “Qeyd olunan çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli, 529 nömrəli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən 20.12.2019-cu il tarixli, 0300 nömrəli istismara hazırlıq aktı, Abşeron RİH tərəfindən isə 26.12.2019-cu il tarixli, 027 nömrəli istismara icazə qərarı verilib.

Bundan sonra “Narm” MMC tərəfindən mövcud çoxmənzilli yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilib. RİH-nin səlahiyyətlərinə aid olan bütün tədbirlər görülüb”.

Fatimə Şahverdiyeva