Azərbaycan Dövlət Neft Fondundan transferlərin azalmasına baxmayaraq, investisiyalar azalmayacaq.
Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, büdcənin artımı davam edir, gördüyünüz kimi, büdcə azalmır: “Eyni zamanda, büdcə çərçivəsində Dövlət Neft Fondundan transferlər müəyyən qədər azalır. Bu da Azərbaycanın neft resurslarından daha uzunmüddətli və dayanıqlı istifadəyə keçidinin göstəricisidir. Amma proqramlar davam edəcək, investisiyalar azalmayacaq”.
O qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq: Ümumiyyətlə, hökumət son illər ərzində çoxlu sayda güzəşt alətləri yaradıb və onların da hamısının son məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bütün bu alətlərin əksəriyyəti dövlət büdcəsindən maliyyələşir və birbaşa layihələrə deyil, daha çox sektorun inkişaf etdirilməsi üçün güzəştlərin tətbiqinə yönəldilməsi nəzərdə tutulur. Yəni yenilik daha çox bundan ibarətdir”.