“Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi”

“Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi”

“Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda”.

Bu sözləri  Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq: “Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaq üstündə möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu”.

“Ona görə bizim qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi. Bəli, Azərbaycan 1993-2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxdı. Çünki o vaxt işğala məruz qala-qala bizə qarşı sanksiyalar tətbiq edilirdi. Məhz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən xarici siyasəti nəticəsində. 907-ci maddəyə düzəliş o vaxt qəbul edilmişdi və bu günə qədər tam aradan qaldırılmayıb. Biz faktiki olaraq dünyada təcavüzkar kimi təqdim olunurduq.

O səviyyəsiz AXC-Müsavat hakimiyyəti əlini ağdan-qaraya vurmadı ki, bunu dəyişdirsin. Yəni biz beynəlxalq təcriddən çıxmalı idik, öz mövqeyimizi bildirməli idik, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət biz buna nail olduq. Beynəlxalq təşkilatlar biri-birindən sonra Azərbaycanın mövqeyini, yəni reallıqları əks etdirən qərar və qətnamələr qəbul etməyə başlamışdır – həm BMT-nin Baş Assambleyası, həm İslam Əməkdaşlıq Təşkilatı, həm ATƏT. Hətta bu gün bizə düşmənçilik edən Avropa Parlamenti – məcburən. Yəni bu, beynəlxalq təcriddən çıxış idi. İqtisadi vəziyyəti düzəltmək üçün xarici sərmayə lazım idi. Çünki xəzinə boş idi. Sərmayə olmadan heç bir ölkədə heç bir inkişaf mümkün deyil. Buna da nail oldu Ulu Öndər”, – İlham Əliyev vurğulayıb.

Qafqazinfo.