“Getdikcə mürəkkəbləşən qlobal çağırışların qarşısında bizim kollektiv cavabımız inklüziv, ədalətli və universal olmalıdır”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
“Azərbaycanın özünün təcrübəsi məhz bu prinsipləri ehtiva edir. Bizim cəmiyyətimiz müxtəlif etnik, mədəni və dini icmaların əsrlər boyu davam edən dinc yanaşı yaşamasından qaynaqlanaraq, təbiətən multikultural və çoxkonfessiyalı cəmiyyətdir.
Bu ənənə Azərbaycanın beynəlxalq təşəbbüslərində, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda öz əksini tapıb. “Bakı Prosesi” çərçivəsində başlanğıcını 2008-ci ildən götürən Forum, mədəniyyətlərarası dialoqun və mədəni müxtəlifliyin inkişafı üçün mühüm qlobal platformaya çevrilib və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının silsilə qətnamələri də daxil olmaqla, beynəlxalq səviyyədə nüfuz qazanıb.
Bu dəyərlərə əsaslanaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq həmrəyliyin gücləndirilməsi, körpülərin qurulması və kollektiv cavab tədbirlərinin səfərbər edilməsi istiqamətində mühüm addımlar atıb.
Bu kimi əzmkar yanaşma həmçinin Azərbaycanın COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası daxil olmaqla nəhəng qlobal tədbirlərə uğurlu ev sahibliyi və müvafiq idarəçiliyi, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə nəticəyönümlü sədrliyi, habelə digər beynəlxalq platformalarda getdikcə fəallaşan iştirakı vasitəsilə də nümayiş etdirilib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü və C6 formatında tamhüquqlu üzvlüyü regionda və onun sərhədlərindən kənarda əməkdaşlıq və bağlantılara töhfəmizi daha da artıracaqdır.
COP29 bu yanaşmanın əməli baxımdan gözəl nümunəsidir. Azərbaycan ev sahibi və sədr ölkə qismində danışıqları hədəfyönümlü və balanslaşdırılmış nəticələrə doğru istiqamətləndirməklə yanaşı, bütün tərəflərin səsinin eşidilməsini təmin etməyə çalışıb. Konfrans nəticəsində qlobal iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması, karbon bazarı mexanizmlərinə dair 6-cı Maddənin tam işlək hala gətirilməsi və iqlim dəyişikliyindən zərər çəkən həssas icmalar üçün İtki və Zərər Fondunu dəstəkləyən mexanizmlərin daha da inkişaf etdirilməsi daxil olmaqla, bir sıra tarixi razılaşmalar əldə olunub.
Bizim iqlim fəaliyyətlərinin irəliyə aparılması istiqamətindəki səylərimiz heç də COP29-un təşkili ilə bitməyib. Azərbaycan, danışıqlar yolu ilə əldə edilmiş nəticələrin praktiki icraya çevrilməsinə xüsusi diqqət yetirərək, özünün yaratdığı irs üzərindən irəliləməyə davam edir. Bu ilin sentyabr ayında Bakı şəhəri ilk dəfə icranın sürətləndirilməsi və praktiki həllərin irəli sürülməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, özəl sektoru və digər maraqlı tərəfləri bir araya gətirərək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsinə ev sahibliyi edib”, – nazir qeyd edib.