BAAU ilə SUNLAB arasında əməkdaşlıq memorandumu imzalandı – Fotolar

BAAU ilə SUNLAB arasında əməkdaşlıq memorandumu imzalandı  – Fotolar

Bakı Avrasiya Universitetində (BAAU) “SUNLAB” MMC-nin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə tərəflər arasında təhsil, elmi-tədqiqat, innovasiya və kadr hazırlığı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüş zamanı BAAU-nun rektoru, dosent Səyavuş Qasımov universitetin fəaliyyəti, təhsil və elmi-tədqiqat istiqamətlərində əldə olunan nəticələr, həyata keçirilən layihələr və inkişaf prioritetləri barədə məlumat verib.

“SUNLAB” MMC-nin direktoru Elmir Səfərli isə şirkətin fəaliyyəti, həyata keçirilən layihələr, mövcud infrastruktur və kadr potensialı haqqında məlumat verib. O, ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tələbələrin nəzəri biliklərinin praktiki fəaliyyətlə əlaqələndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə magistratura səviyyəsində “Səhiyyə menecmenti MBA Proqramı”nın birgə hazırlanması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələrin təcrübə imkanlarının genişləndirilməsi və gənc mütəxəssislərin peşəkar inkişafına dəstək göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda BAAU ilə “SUNLAB” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd BAAU-nun rektoru, dos. Səyavuş Qasımov və “SUNLAB” MMC-nin direktoru Elmir Səfərli tərəfindən imzalanıb.

Memorandum magistratura səviyyəsində “Səhiyyə menecmenti MBA Proqramı”nın birgə hazırlanmasını, tələbələrin təcrübə imkanlarının genişləndirilməsini, birgə elmi-tədqiqat və layihələrin həyata keçirilməsini, elmi-texniki informasiya mübadiləsini və gənc mütəxəssislərin inkişafına dəstək göstərilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində “SUNLAB” MMC və onun tərkibinə daxil olan klinika tərəfindən BAAU-nun əməkdaşlarına tibbi xidmətlər üzrə 15 faiz güzəştin tətbiqi də nəzərdə tutulur.




Qafqazinfo.