Naxçıvanda nənənin nikahdankənar doğulan nəvəsini öldürməyinin detalları məlum olub.
Könül Salayeva uşağı “el içində biabır olarıq” düşüncəsi ilə qətlə yetirib. 52 yaşlı körpə qatilinin əməli məhkəmədə sübuta yetirilib.
İstintaq materiallarında yazılıb ki, qadının öldürdüyü körpəni onun qızı dünyaya gətirib. Rüsvay olacağını düşünən nənə isə ağlasığmaz cinayətə əl atıb. O, uşaq doğum evindən çıxarıldıqdan sonra elə avtomobildəcə onu boğub. Nənə körpənin səsinin eşidilməməsi üçün sürücüdən maqnitofonun səsini artırmasını istəyib. Daha sonra körpəni üzüüstə çevirərək ağız və burun nahiyəsini sıxıb. 10-15 dəqiqə sonra uşaq mexaniki asfiksiya nəticəsində ölüb. Nənə amansız planının davamı olaraq kəndə çatandan sonra körpənin meyitini həyətdəki tualet quyusuna atıb.
Bu cinayətin üstü 26 gün sonra açılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən Könül Salayeva cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Saleyava məhkəmədə ona elan olunan ittihamla özünü təqsirli bilib, lakin günahsız körpəni öldürdüyü üçün çox peşman olduğunu dilə gətirib. Nənənin sözlərinə görə, qızı 6 il əvvəl ailəli olub boşanıb, həmin vaxtdan birlikdə yaşayırlar: “Qışda qızımın qarnında sancılar başladı. Həkim müayinədən sonra onun hamilə olduğunu dedi. Qızımdan bu barədə soruşanda “bir səhvdir, etmişəm” dedi. Uşağın atasının kim olduğunu isə demədi. Nə edəcəyimi bilmirdim. Öldürməkdən başqa çarəm yox idi. Qərara gəldim ki, uşağı elə xəstəxanadan çıxan kimi öldürüm. Sonra meyiti nə edəcəyimi bilmirdim. Evdə heç kim olmayanda həyətdəki tualet quyusuna atdım.
Hadisənin necə aşkara çıxdığını da bilmirəm. Qızıma zəng vurub polisə çağırdılar. Sonra da həyətə maşın gəldi. Bizi polis idarəsinə apardılar. Çox peşmanam, günahsız körpəni öldürmək istəməzdim”.

Öldürülən körpənin anası da məhkəmədə ifadə verib, övladına görə anasında şikayətçi olmayıb: “Körpənin atası ilə instaqramda tanış olmuşdum. Aramızda sevgi münasibəti yarandı, bir neçə dəfə görüşdük. Lakin yola getmədiyimizə görə ayrıldıq. Hamilə olduğumu bilməmişəm. Özümdə fizioloji dəyişiklik, ürəkbulanma hiss etməmişəm. Qarnımdakı şişin mədəaltı problemlə bağlı ola biləcəyini düşünürdüm. Ağrılar başlayanda xəstəxanaya apardılar. Həkim əvvəlcə bağırsaq keçməzliyindən şübhələndi. Amma UZİ-yə salanda hamilə olduğumu dedilər. Həkim uşağın qüsurlu göründüyünü dedi. Anam hamilə olduğumu biləndə şoka düşdü. “Uşağı öldürəcəyəm” dedi, amma ciddiyə almadım. Olan olub, amma körpəmin ölməsini istəməzdim, xəbərim olsaydı, mane olardım”.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsi yekunda Könül Salayevanı köməksiz vəziyyətdə olan şəxsi amansızlıqla öldürməkdə təqsirli bilib. Ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il həbs cəzası verilib.
Sail Ağasəlim