“Sənsiz darıxıram, sənlə tənhayam…”

“Sənsiz darıxıram, sənlə tənhayam…”

Xəbər verdiyimiz kimi, görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu bu gün 82 yaşında vəfat edib.

“Qafqazinfo” onun ən sevilən şeirlərindən bir neçəsini təqdim edir:

Unuda bilmirəm… Sevə bilmirəm…

Sənsiz darıxıram,

Sənlə tənhayam,

Belə anlaşılmaz,

Belə barışmaz

Duyğular əlində qalıbdır yaxam.

 

Unuda bilmirəm… Sevə bilmirəm…

Sizin qapınıza,

Sizin küçəyə,

Ayaq özü çəkir,

Gələ bilmirəm…

Bu niyə belədir, hələ bilmirəm…

 

Unuda bilmirəm… Sevə bilmirəm…

Bu sirrin cavabın

Bilə bilmirəm.

Yaş elə yaşdır ki,

Bu gizli dərdi

Bir kəsə danışa, bölə bilmirəm.

 

Unuda bilmirəm… Sevə bilmirəm…

Ağlaya bilmirəm,

Gülə bilmirəm,

Bu sənli dünyada,

Sənsiz dünyada

Yaşaya bilmirəm, ölə bilmirəm…

***

Sən məni heç zaman tərk etməmisən,

Mən səni hər zaman qoyub getmişəm.

Sən mənə heç zaman ərk etməmisən,

Hər uzaq səfərə yola salmısan.

Bütün gəmilərin vida fitini,

Son vağzal zəngini özün çalmısan.

Hansı dayanacaq, hansı perronda

Mən ensəm görmüşəm sən qarşımdasan.

Yaxın limanlardan yola ötürüb,

Uzaq körfəzlərdə qarşılamısan.

Qızmar səhralarda azıbdır izim,

Şimalda dizədək qar şumlamışam.

Mən hara baş vursam bu nəhəng şarda

Görmüşəm hər addım, hər qarışdasan

Ürəkli olmuşam sənə söykənib,

Duymuşam, tanrıtək kürəyimdəsən.

O qədər təbii sanmışam bunu,

Demişəm qanımda, ürəyimdəsən.

Bildinmi dünyanın harasındasan?!

Gah zülmət gecənin zil qarasından,

Gah sübhün nurundan mənə baxırsan.

Kitabı açıram arasındasan,

İçirəm, mey kimi qana axırsan…

… Zaman, axan nəhr, bərəçi mənəm,

Səndən sənə yolda bələdçi mənəm.

Havan avazımda, sədan ədamda,

Nə qədər oxşarlıq olar adamda?!

Hər azan sözünün, itən səsinin,

Heç dilə gəlməyən yeni kəlmənin

Ardınca iz tutan ləpirçi mənəm.

Yaşa, ANA DİLİM, zindanda hətta

Sənə zindan döyən dəmirçi mənəm!

Qafqazinfo.