Fransanın dənizaşırı siyasəti: muxtariyyət, yoxsa “acizliyin desentralizasiyası”?

“Le Monde”də tarixçi və Martinikin paytaxtı Fort-de-Fransda müəllim çalışan Elisabeth Landinin sentyabrın 16-da “Dənizaşırı ərazilər: Fransa dövləti həm universal günahkar, həm də əvəzolunmaz təminatçıya çevrilmək riski daşıyır” tribunası dərc olunub.

Yazıda Fransanın dənizaşırı ərazilərlə bağlı siyasətinin əsas ziddiyyəti kimi rəsmi Parisin bu ərazilərin verdiyi strateji üstünlükləri – geniş dəniz məkanı, hərbi mövcudluq və qlobal təsir imkanlarını qorumağa çalışdığı, lakin eyni zamanda onların sosial-iqtisadi təminatına çəkilən xərcləri məhdudlaşdırmaq istədiyi göstərilir.

Müəllif Mayotda mövcud vəziyyəti bu siyasətin bariz nümunəsi kimi təqdim edir. Bildirilir ki, Fransa dövləti su, məktəb, mənzil, səhiyyə, təhlükəsizlik və infrastruktur kimi fundamental ehtiyacların təmin edilməsində ciddi geridə qalmışdır. Miqrasiya təzyiqinin real problem olduğu qəbul edilsə də, bunun uzunmüddətli sərmayə çatışmazlığını, ardıcıl olmayan dövlət siyasətini və demoqrafik proseslərin düzgün idarə edilməməsini kölgədə qoymamalı olduğu vurğulanır. Müəllifin fikrincə, təhlükəsizlik gündəliyinin inkişaf siyasətini əvəz etməsi riski mövcuddur.

Yazıda qeyd olunur ki, Fransa dənizaşırı ərazilərdən imtina etmək niyyətində deyil. Əksinə, rəsmi Parisin əsas yanaşması suverenliyi və strateji maraqları qoruyub saxlamaqla daha çox məsuliyyəti yerli hakimiyyət orqanlarının üzərinə ötürməkdən ibarətdir. Müəllif xəbərdarlıq edir ki, kifayət qədər maliyyə, istehsal potensialı və dövlət həmrəyliyi ilə müşayiət olunmayan “muxtariyyət” faktiki olaraq “acizliyin desentralizasiyasına” çevrilə bilər. Bu fonda Fransa ilə dənizaşırı ərazilər arasındakı sosial-iqtisadi fərqlərin aradan qaldırılması hədəfi tədricən həmin fərqlərin daimi reallıq kimi qəbul edilməsi ilə əvəzlənir.

Məqalədə xüsusilə Martinikin vəziyyəti üzərində dayanılır. Əhalinin qocalması və azalması, gənclərin köçü, zəif istehsal bazası, idxaldan asılılıq və dövlət maliyyəsinin mümkün azalması əsas struktur problemlər kimi göstərilir. Müəllif hesab edir ki, iqtisadi model dəyişmədən muxtariyyət bu problemləri həll etməyəcək, əksinə, resurslar ötürülmədən məsuliyyətlərin yerli hakimiyyətlərə verilməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Bu kontekstdə Martinikanın “həqiqi suverenlik üçün həddindən artıq Fransa ilə bağlı, lakin Respublikanın bərabərlik vədinə inanmaq üçün kifayət qədər bərabər rəftar görməyən” vəziyyətdə olduğu vurğulanır.

Bu xüsusda qeyd olunmalıdır ki, Martinikin Regional Hesablar Palatasının son hesabatı da adadakı maliyyə vəziyyətinin ağırlığını təsdiqləyir. Palata Martinik Ərazi Kollektivliyinin (CTM) maliyyə vəziyyətini “kritik” və “struktur maliyyə disbalansı” ilə xarakterizə etmişdir. CTM-in borcu 2021-ci ildən etibarən 28% artaraq 977 milyon avroya çatmış, ödəniş müddəti isə qanunla nəzərdə tutulan 30 gün əvəzinə 131 günədək uzanmışdır. 2022-2025-ci illərdə kollektivliyin cari gəlirləri cəmi 1 % artdığı halda, xərcləri təxminən 12% yüksəlmişdir.

Hesabatda, həmçinin Fransa dövlətinin Martinikə ayırdığı dotasiya və maliyyə transferlərinin 2021-2024-cü illərdə 7,4% azalaraq 296 milyon avrodan 274 milyon avroya düşdüyü göstərilir. CTM-in icra şurasının prezidenti, muxtariyyət tərəfdarı Serj Leçimi bu azalmanın yerli hakimiyyətin maliyyə muxtariyyətini zəiflətdiyini və artan büdcə yükünün məhdud imkanlarla qarşılanmasına səbəb olduğunu bildirmişdir. Bununla yanaşı, Regional Hesablar Palatası kollektivliyin öz qərarlarının, o cümlədən borclanma səviyyəsinin də mövcud maliyyə vəziyyətinə təsir etdiyini qeyd etmişdir.

Report.