Son günlər sosial şəbəkələrdə yayılan paylaşımlarda “Burger King”in Azərbaycandakı 50-yə yaxın keçmiş əməkdaşının brendin yerli bazardan çıxmasından sonra uzun müddət ərzində əməkhaqlarını ala bilmədiyi iddia olunur. Paylaşım müəllifləri yaranmış vəziyyəti “Burger King” restoranlarının Azərbaycanda bağlanması və daha sonra brendin yeni yerli tərəfdaşla bazara qayıtması ilə əlaqələndirirlər. Yayılan məlumatlarda həmçinin brendin hazırkı operatoru keçmiş əməkdaşlarla bağlı məsələləri həll etmək əvəzinə yeni komanda formalaşdırmaqda ittiham olunur.
Məsələ ətrafında aparılan müzakirələr fonunda “Burger King Azerbaijan” açıqlama verərək brendin Azərbaycan bazarından çıxmasının və sonradan geri qayıtmasının səbəb və şəraitinə aydınlıq gətirib.
“Burger King” ilkin olaraq Azərbaycanda başqa bir yerli tərəfdaş vasitəsilə fəaliyyət göstərirdi. Sonradan həmin tərəfdaş brendin inkişafı və əməliyyat fəaliyyəti ilə bağlı çətinliklərlə üzləşdi və nəticədə fəaliyyətini dayandırmaq qərarına gəldi. 2023-cü ildə fəaliyyət göstərən dörd restoranın hamısı bağlandı. Bütün restoranların fəaliyyəti dayandırıldıqdan sonra əvvəlki françayzi əməkdaşlarla əmək münasibətlərinə xitam verdi.
“Burger King” franşizasını Azərbaycanda daha da inkişaf etdirmək hüququ əldə edəcək yeni tərəfdaşın axtarışı bir ildən çox davam etdi. 2024-cü ildə brendin artıq yeni tərəfdaşla yerli bazara qayıtması prosesi başladı.
Şirkətimiz “Burger King Global” ilə biznesin əldə edilməsinə dair razılaşmalar imzaladığı vaxt restoranlar artıq bir ildən çox idi ki, fəaliyyət göstərmirdi. Faktiki olaraq, biz əməkdaşları olmayan dörd bağlı obyekt təhvil aldıq.
Fəaliyyət göstərən biznesdə mülkiyyətçinin adi qaydada dəyişməsi zamanı yeni mülkiyyətçi mövcud işçi heyətini və həmin əməkdaşlar qarşısındakı müvafiq öhdəlikləri də qəbul edir. Bizim vəziyyətimiz isə tamamilə fərqli idi. Biz həmin vaxta qədər artıq bir ildən çox fəaliyyət göstərməyən və mövcud işçi heyəti olmayan restoranları təhvil aldıq.
Keçmiş əməkdaşlar, onların əmək funksiyaları, iş təcrübələri, tutduqları vəzifələr və əvvəlki operatorun onlar qarşısında mümkün maliyyə öhdəlikləri barədə bizdə heç bir məlumat yoxdur.
Biz artıq fəaliyyətini dayandırmış bir biznesə daxil olduq, yeni komanda formalaşdırdıq, rebrendinq həyata keçirdik, əməkdaşlara təlim keçdik və fəaliyyətə, eləcə də brendin inkişafına yenidən başladıq. Bununla yanaşı, “Burger King”in bütün keçmiş əməkdaşlarının da işə qəbul üçün bizə müraciət etmək imkanı var idi, çünki işçi axtarışını hamı üçün açıq kanallar vasitəsilə həyata keçirirdik.
Hazırda yayılan məlumatlar əməkdaşlarla ilk yerli tərəfdaş arasında mövcud olmuş əmək münasibətlərinə aiddir. Şirkətimiz həmin razılaşmaların bağlanmasında iştirak etməyib və əvvəlki yerli tərəfdaşın fəaliyyəti dövründə yaranmış öhdəliklərə heç bir aidiyyəti yoxdur. Müvafiq olaraq, həmin dövr üzrə əməkhaqqı ilə bağlı mümkün borclara dair tələblər hazırkı operatora – “Burger King Azerbaijan”a aid deyil”, – açıqlamada deyilir.
Şirkət həmçinin vurğulayıb ki, hazırda “Burger King”in Azərbaycandakı fəaliyyəti rəsmi şəkildə həyata keçirilir, əməkdaşlar müqavilələrində göstərilən əməkhaqqını alırlar və onların hamısı Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmiləşdirilib: “Şirkət əməkdaşların peşəkar inkişafına da xüsusi diqqət yetirir. İlkin olaraq sıravi vəzifələrdə işə başlayan əməkdaşların bir qismi sonradan rəhbər vəzifələrə yüksəlib.
“2026-cı ilin sonuna qədər restoranlarımızın sayı 10-a çatacaq. Biz Azərbaycanda brendi inkişaf etdirməyə və komandamızı genişləndirməyə davam edirik. Yaxın perspektivdə restoran şəbəkəsinin 40 obyektədək genişləndirilməsi planlarına uyğun olaraq şirkət əməkdaşlarının sayının da əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur”.
Beləliklə, “Burger King”in Azərbaycandakı hazırkı tərəfdaşı əvvəlki operatorun keçmiş əməkdaşlar qarşısında mümkün maliyyə öhdəlikləri ilə hər hansı əlaqəsinin olduğunu inkar edir.
Şirkətdən bildirilib ki, brend bazara qayıdarkən artıq bir ildən çox fəaliyyət göstərməyən bağlı restoranlar təhvil alınıb və işçi heyəti yenidən formalaşdırılıb.
Sosial şəbəkələrdə keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı yayılan iddialar isə əvvəlki tərəfdaşın fəaliyyət göstərdiyi dövrə aiddir.
“Burger King®” Azərbaycan haqqında
“Burger King®” açıq alov üzərində qrildə hazırlanan yeməkləri və əfsanəvi “WHOPPER®” burgeri ilə tanınan dünyanın ən böyük beynəlxalq sürətli xidmət restoranları brendlərindən biridir. Brend dünyanın 110-dan çox ölkəsində təmsil olunur və qlobal restoran şəbəkəsini inkişaf etdirməyə davam edir.
Azərbaycanda “Burger King®” restoranları “BK Azerbaijan” MMC tərəfindən idarə olunur. Şirkət restoran şəbəkəsini inkişaf etdirməyə davam edərək qonaqlarına keyfiyyətli məhsullar, müasir xidmət və “Burger King®” brendinə xas təcrübə təqdim edir.






