Ata, məni məktəbdən qoru…

Ata, məni məktəbdən qoru…

– Ata, məni məktəbdən qoru.

Bunu altıncı sinfə yenicə gedən qızım mənə dünən dedi. Sarsıldım…

Uşağa hiss etdirməmək üçün qəfil zarafata keçdim:

 – Qızım, yutubda “Məktəbdən qorunma duası” var, onu dinlə. Sonra da bir-iki fənd var, onları da ata öyrədər sənə, əlinin tərsi ilə qorunarsan.

Güldük, sonra bir daha onunla məktəb barədə danışdıq. Vəziyyətin hər gün dramatikləşməsinin səbəblərini bir daha soruşdum. Bir daha dedi ki, ata, müəllimin dediklərinin hamısını başa düşürəm, ancaq heç biri mənə maraqlı deyil. Əsnəməyim gəlir… Yuxum gəlir… Pəncərəyə baxıram ki, yuxum qaçsın, onda da müəllim irad bildirir. Çox sıxılıram.

Təbii, belə dialoqlar zamanı ona qəti haqq qazandırmıram, mümkün qədər uyğun variantlar deyirəm.

Ancaq durum dəhşət saçmırmı, cənablar?

Axı bu təkcə Asiyanın problemi deyil… Düzdür, Avropada bu problem yoxdur, ancaq ətrafımda kimə bu hadisəni danışıram, hamı yaylıq götürüb ağlayır.

Bu mətni yazmadan əvvəl sosial şəbəkədə test yazısı paylaşdım. Ən birinci hayqıranlar müəllimlər oldu. Demək, qorunmaq istəyən, məktəbi artıq təhlükə kimi görən təkcə mənim qızım deyil.

Bu müqəddəs mövzunun fərdiləşməyini istəmirəm, ancaq silsilə örnək gətirməyə məcburam, bunu deyən qızım heç də hafizəsiz, passiv uşaq deyil. Asiya mənimlə saatlarla söhbət edir, məni zarafatları ilə güldürür, planları ilə həyəcanlandırır, analizi ilə heyrətləndirir. Demək istəyirəm ki, bu hayqırtı qabiliyyəti zəif olan bir uşağın valideynindən qopmur. 

Fundamental yanlışlığın içində naziri, təhsil işçilərini günahlandırıb toxtamaq fikrim yoxdur. Bu işdə hamımızın təqsiri var, sözsüz. Məşhur mahnıda deyildiyi kimi:

“Bir çağ yangını bu bütün, dünya günahkar”.

Ancaq bu strateji problemi aradan qaldıracaq gücləri saf-çürük edəndə hamımızın məsuliyyəti, problemə müdaxilə qüdrəti eyni qədər deyil – bu da sözsüz həqiqətdir. Qırılmağa doğru gedən bu çarxı zamanında ayrı istiqamətə döndərmək lazımdır. Çarx hayana dığırlansa, o yana itələmək, məsuliyyətdən qaçmağa son qoymaq lazımdır. 

Bu gedişatda çox ciddi yanlışların olduğu açıqdır. Övladlarımız ən dəyərli dövrlərində, ən dəyərli məkanda paradoksal hisslər keçirir. Öyrənməli, realizə olunmalı məkanda yuxuları gəlir, mənasız dəqiqələr keçirərək körpə beyinlərini korşaldırlar. 

Əminəm ki, metodologiya ilə bağlı ölkəmizdə akademik bilgiyə malik kadrlar var, bu gedişatı, yaşadığımız bu problemi həll edə biləcək beyinlərə sahibik.

Bütün sadədil valideynlərin dilindən təvəqqe edirəm:

Məktəbi uşaqlarımızın qorunmalı olduğu yerdən, öyrənməli və böyüməli olduğu yerə çevirək. Çünki bir qız uşağının məktəbdən qorunmaq istəməsi və bunu atasına deyə bilməsi, artıq ciddi xəbərdarlıqdır.

Onsuz da, qadınımızın ömrünün böyük hissəsi qorunmaqla keçir; heç olmasa uşaqlığında, həyatının ən ülvi çağında, ən ülvi məkandan qorunmaq məcburiyyətində qalmasın. Belə davam etsə, yaxın illərdə təhsildə nəyisə düzəltmək daha çətin olacaq. Çünki onda uşaqlarımızı nədən qorumalı olduğumuzu özümüzdən bir daha soruşmaq vaxtı yetişəcək.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Qafqazinfo.