Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi – Fotolar

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi  – Fotolar

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib. Festivalda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər, sahibkarlar və digər iştirakçılar bir araya gəliblər.

Festivalın əsas məqsədi kənd təsərrüfatında innovasiyaların və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi, fermer və sahibkarların dövlət dəstək mexanizmləri, müasir texnologiyalar və aqrar məhsullar barədə məlumatlandırılması, onların məhsul və xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Ötən ildən etibarən 12 iqtisadi rayon üzrə keçirilən panel müzakirələrin sayı Ağdamda təşkil olunan tədbirlə 25-ə çatıb.

Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Paneldə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “Agro Dairy” MMC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Niyazi Əmirbəyov, “Azərşəkər” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Nəsib İslamzadə iştirak ediblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Ağdamda keçirilən Aqrar Biznes Festivalı xüsusi rəmzi məna daşıyır və 30 il ərzində işğal altında qalmış, genişmiqyaslı dağıntılara məruz qalmış Ağdam Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərdən sonra yenidən dirçəlir, Böyük Qayıdış çərçivəsində insanlar öz doğma yurdlarına qayıdır, şəhər və kəndlərimiz yenidən qurulur. Emin Hüseynov vurğulayıb ki, tarixən Qarabağın münbit torpaqları və zəngin aqrar potensialı ilə seçilən, Azərbaycanın aparıcı kənd təsərrüfatı rayonlarından biri olan Ağdamda keçirilən festival rayonun aqrar potensialının yenidən canlandırılmasına, yeni tərəfdaşlıqların qurulmasına və investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Bu məqsədlərə nail olmaq üçün müasir texnologiyaların kənd təsərrüfatında tətbiqi mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, dəqiq kənd təsərrüfatı, peyk məlumatları, sensorlar, dronlar, ağıllı suvarma sistemləri və süni intellekt kimi müasir texnologiyaların tətbiqi aqrar istehsalın səmərəliliyinin artırılması üçün yeni imkanlar yaradır və əsas məqsəd bu texnologiyaları fermerlər üçün real və praktik həllərə çevirməkdir.

Çıxışlardan sonra aqrar sahənin inkişaf perspektivləri, mövcud imkanlar və qarşıda duran prioritet istiqamətlərə dair panel müzakirə keçirilib. Müzakirə zamanı Dövlət Proqramı ilə müəyyən edilmiş əsas hədəflər və bu hədəflərin reallaşdırılması istiqamətində dövlət tərəfindən tətbiq olunan dəstək mexanizmləri nəzərdən keçirilib.

Paneldə, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar, Ağdamda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, rayonun aqrar potensialı və sahibkarların regiona cəlb edilməsi məsələləri müzakirə olunub.

Müzakirənin digər əsas istiqamətini dövlət-özəl sektor əməkdaşlığı təşkil edib. Özəl sektor nümayəndələri Dövlət Proqramının hədəflərinə töhfə vermək istiqamətində həyata keçirdikləri və planlaşdırdıqları işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat veriblər.

Panel sesiyalar zamanı dövlət dəstəyi mexanizmləri, işğaldan azad edilmiş ərazilərin aqrar potensialının reallaşdırılması, özəl sektorun iştirakı və yeni əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə Aqrar Biznes Festivallarının səmərəli təşkilinə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları, aqrar sahədə fəaliyyət göstərən şirkət nümayəndələri və fermerlərə təşəkkürnamələr təqdim olunub.

Tədbir çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda fəaliyyət göstərən, aralarında şəhid analarının da olduğu müəllimlərlə görüşüb, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik ediblər. Görüş zamanı müəllimlərə gül dəstələri təqdim olunub, ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə kənd təsərrüfatının gələcək kadr potensialının formalaşdırılmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində və Vətənə layiqli vətəndaş kimi formalaşmasında təhsilin və müəllim əməyinin əhəmiyyəti vurğulanıb. Rəsmilər müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, təhsil və gənc nəslin inkişafı istiqamətində göstərdikləri fədakar əməyin daim yüksək qiymətləndirildiyini qeyd ediblər.

Sonra Ağdam şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin Vətən müharibəsi, milli qəhrəmanlıq, vətənpərvərlik və sülh mövzularına həsr etdikləri sərgi ilə tanış olublar. Sərgidə şagirdlərin Vətənə sevgi və bağlılığını, şəhidlərin əziz xatirəsinə ehtiramını, eləcə də sülh və əmin-amanlıq arzularını ifadə edən yaradıcılıq nümunələri təqdim olunub.  

Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər.

Festivalda müasir suvarma sistemləri, bitki mühafizəsi, toxumçuluq, kənd təsərrüfatı texnikası, arıçılıq və digər aqrar istiqamətlər üzrə fəaliyyət göstərən şirkət və dövlət qurumları iştirak edib. Ümumilikdə 100-ə yaxın şirkət və dövlət qurumunun iştirak etdiyi festivalda aqrar sahədə fəaliyyət göstərən assosiasiyalar, qadın sahibkarlar və arıçılar da məhsul və xidmətlərini təqdim ediblər.

Festival çərçivəsində kənd təsərrüfatı məhsulları, müasir texnologiyalar, istehsal vasitələri və aqrar sahə üçün müxtəlif məhsul və xidmətlərin təqdim olunduğu sərgi təşkil edilib.

Tədbirin sonunda Aqrar Biznes festivallarında fəal iştirak edən şirkətlərə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, 100-cü Yubiley Aqrar Biznes Festivalına qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 56 rayonda 100 Aqrar Biznes Festivalı keçirilib və festivallar ölkənin bütün iqtisadi rayonlarını əhatə edib.