Ağciyər xəstəlikləri üçün dərman və tibbi qidaların satınalma həcmi 1,5 dəfə artırılıb

Ağciyər xəstəlikləri üçün dərman və tibbi qidaların satınalma həcmi 1,5 dəfə artırılıb

Xroniki və kəskin ağciyər xəstəliklərində istifadə olunan dərman və tibbi enteral qida məhsullarının satınalma həcmi 2025-ci illə müqayisədə orta hesabla 1,5 dəfə artırılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, siyahıya həmçinin Tobramisin (antibiotik), Budesonid (iltihabəleyhinə preparat), Salbutamol (bronxları genişləndirən preparat), inhalyasiya üçün Kolistin (antibiotik), Pankreatin də (həzm fermenti) aiddir.

2025-ci ildə ümumilikdə dərman miqdarı 22 min 850 idisə, 2026-cı ildə bu rəqəm 57 min 875-ə çatıdırılıb. Bundan əlavə, nadir xəstəliklər üzrə dərman siyahısına daxil olan Dornaza alfa və Tobramisin preparatları ilə təminat da davam edir.

Bundan başqa “Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri” proqramı çərçivəsində hazırda ölkə üzrə 86 xəstə qeydiyyatdadır. Onlardan 77-si 18 yaşadək uşaqlar, 9-u isə yetkin şəxslərdir.

Kistoz fibroz xəstələrinin dərman təminatı 2022-ci ildən icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. 2024-cü ildə müvafiq normativ sənədə edilmiş dəyişikliklərlə xəstəliyin müalicəsində istifadə olunan dərman preparatları təminat siyahısına daxil edilib. Bu mexanizm 2026-cı ildə də davam etdirilib və təminatın həcmi genişləndirilib.

Belə ki, Avropa Kistoz Fibroz Cəmiyyətinin (ECFS) standartlarına əsasən, xəstəliyin idarə olunmasında inhalyasiya antibiotikləri, bəlğəmin duruldulması üçün Dornaza alfa, bronxodilatatorlar, pankreas fermentləri ilə əvəzedici terapiya və qidalanma dəstəyi əsas yer tutur. Azərbaycanda bu preparatların hamısı dövlət təminatı çərçivəsində xəstələrə ödənişsiz verilir və tibbi enteral qida məhsulları ilə tamamlanır. Bir çox ölkələrdə bu müalicənin əhəmiyyətli hissəsinin xəstə və ailə tərəfindən ödənildiyini nəzərə alsaq, dərman və tibbi qida təminatının tam həcmdə dövlət tərəfindən həyata keçirilməsi xəstələrin və onların ailələrinin maliyyə yükünün azaldılması baxımından mühüm nailiyyətdir.

Report.